Naxçıvan Muxtar Respublika Xəstəxanası Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir.

Xəstəxananın 16 nəfərdən ibarət həkim briqadası Babək Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya keçirib. Aksiyada 12 şəhid ailəsi üzvlərinin iştirak etdiyi aksiyada heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan 32 xəstədə 320- dən çox müayinə aparılıb.

Onlar laborator-diaqnostik müayinələrdən keçirilib, terapevtik, cərrahi, stomatoloji, travmatoloji, endokrinoloji, nevropatoloji, praktoloji, oftalmoloji, kardioloji, fizioterapevtik, LOR və digər tibbi xidmətlərdən yararlanıblar.

Müalicəyə cəlb edilənlərə müvafiq dərman təyinatı yazılıb. Babək Rayon Mərkəzi Xəstəxanası nəcib təşəbbüs göstərərək şəhid ailələrini ödənişsiz olaraq dərmanlarla təmin edib.

Şəhid ailələrindən 5 nəfərin MRT müayinəsi, 2 nəfər burun çəpəri əyriliyi əməliyyatı, 2 nəfər ginekoloji müayinə, 1 nəfər diş protezinin ödənişsiz olaraq hazırlanması üçün Naxçıvan Muxtar Respublika xəstəxanasına dəvət ediliblər.

Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri  onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün yaradılan Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da davam etdiriləcək.