Muxtar respublikada yüksək ixtisaslı həkim briqadaları mütəmadi olaraq rayonlarda humanitar tibbi aksiyalar keçirir. Culfa və Kəngərli rayonlarında keçirilən növbəti tibbi aksiyalarda şəhid ailələrinin sağlamlığının qayğısına qalınıb.  

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Kəngərli  Rayon Mərkəzi Xəstəxanasında təşkil etdiyi tibbi aksiya 15 ixtisaslı həkimin iştirakı ilə keçirilib. Şəhid ailələri ayrı-ayrılıqda nefroloq,  nevropatoloq, oftalmoloq, stomatoloq,  kardioloq,  travmatoloq, uroloq, lor, terapevt, cərrah və digər ixtisaslı həkimlər tərəfindən müayinə olunub, analizlər götürülüb. Hər hansı bir xəstəliyi aşkarlanan sakinə müalicələr təyin edilib.

Müayinə zamanı səhhətində problemlər aşkarlanan 4 sakinin müalicəsi  Naxçıvan Muxtar Respublika Xəstəxanasında davam etdiriləcək. Gün ərzində davam edən tibbi aksiyada şəhid ailələrinin 32 üzvündə 370 tibbi müayinələr aparılıb.   Xəstəxanaya gələ bilməyən  şəhid ailələri evlərində aksiyaya cəlb olunub.

Culfa rayon Mərkəzi Xəstəxanasında da analoji tibbi aksiya keçirilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasından olan 15  müxtəlif ixtisaslı həkimdən ibarət briqada 14 şəhid ailələrinin 60 üzvündə 450 tibbi müayinələr aparılıb.

Onlarda qaraciyər, öd kisəsi, böyrək, mədəaltı vəz və digər daxili orqanların müayinəsi üçün ultrasəs müayinələri aparılıb.

Qeyd edək ki, muxtar respublikada şəhid ailələrinin sağlamlıqlarının qorunmasına istiqamətində tibbi aksiyalar bundan sonra da davam etdiriləcək.